Azərbaycanda polisə xəsarət yetirilməsi ilə bağlı ata və oğul saxlanılıb

Yevlaxda əməliyyat zamanı polisə xəsarət yetirilməsinin təfərrüatı məlum olub.

“Yeni Çağ” xəbər verir ki, bu barədə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətləri birgə məlumat yayıb.

Qeyd olunub ki, Yevlax rayonunun Hacıselli kəndi ərazisində narkotik tərkibli bitkilərin kultivasiya yolu ilə yetişdirilməsi barədə Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında polis əməkdaşları həmin əraziyə gediblər. Narkotik tərkibli bitkilərin əkilib-becərdilməsini təşkil edən əvvəllər məhkum olunmuş, kənd sakini Röyal İsmayılov və atası Müşviq İsmayılov saxlanılarkən R.İsmayılov polis əməkdaşına kəsici alətlə xəsarət yetirib. O, hadisə yerindən qaçsa da atası saxlanılıb. Həmin gün ərazidən 50 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), Rayon Polis Şöbəsində isə Cinayət Məcəlləsinin 237.2.1-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) və 237.2.3-cü maddələri ilə cinayət işi başlanıb.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Röyal İsmayılov da saxlanılaraq təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə hər ikisi barəsində həbs qətimkan tədbiri seçilib. Onun atası M.İsmayılovla birgə Hacıselli kəndi ərazisində əlavə olaraq kultivasiya yolu ilə yetişdirdikləri 40 ədəd çətənə kolu (ümumilikdə 90 ədəd kol) və 3 kiloqram qurudulmuş marixuana da aşkar edilərək götürülüb.

Hazırda cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bakıda qadınların bank hesabından pul çıxaran şəxs saxlanılıb

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda paytaxt sakini olan 4 qadının bank hesablarından dələduzluq yolu ilə pul çıxarmaqda şübhəli bilinən Gədəbəy rayon sakini O.Hüseynov saxlanılıb.

Bu barədə “Yeni Çağ”a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, polis əməkdaşları tərəfindən onun daha bir qadının bank hesabından 1000 ABŞ dolları oğurlaması da müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

İşsizlikdən sığorta fondunun büdcəsinə dəyişikliklər təsdiqlənib

Prezident İlham Əliyev “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

“Yeni Çağ”ın xəbərinə görə, dəyişikliklə işsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin gəlirlər və xərcləri 1 000 000,0 manat artırılaraq 180 375 536,0 manatdan 181 375 536,0 manata çatdırılıb.

Sabah Bakıda 33, rayonlarda 36 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında iyulun 5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Çağ”a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 20-23° isti, gündüz 30-34° isti, Bakıda gecə 21-23° isti, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 16-21° isti olacaq.

Bu gün Bakı metrosu yay qrafikinə keçir

Bu gündən etibarən “Bakı Metropoliteni” QSC yay qrafikinə keçir.

Bu barədə “Yeni Çağ”a qurumun Mətbuat Xidmətindən məlumat verilib.

Açıqlamada deyilir ki, tədris mövsümünün başa çatması, eləcə də yay istirahəti dövrünün başlanması ilə Bakı metropolitenində sərnişin axınının azalmasına səbəb olur. Bu səbəbdən Bakı metropolitenində qatarlarının hərəkət qrafikində dəyişikliklər edilir.

Sonuncu dəfə yay qrafiki 2019-cu ildə tətbiq edilib. Həmin ilə qədər gur saatlar səhər saat 7:30-dan 9:30-a, axşam isə 17:30-dan 19:30-a qədər olan vaxt hesab olunub. Builki yay dövrünün mümkün xüsusiyyətləri nəzərə alınaraq, qrafikə əsas dəyişiklik gur saat prinsipinin saat 7:00-dan 21:00-a qədər tətbir edilməsidir.

Mövsümlük yeni qrafikə görə, sərnişinlərin əsas axın saatlarında “Həzi Aslanov” stansiyasından “28 May” stansiyasına qədər və əks istiqamətdə hərəkət edən qatarlar arasındakı interval 2,5 dəqiqə təşkil edəcək. Sərnişinlərin az olduğu səhər erkən və gecə saatlarına doğru bu sahədə 3 dəqiqə və daha çox intervala hesablanmış hərəkət qrafiki tərtib edilib.

Xətlərin “28 May” stansiyasında bir-biri ilə birləşməsini nəzərə alaraq, “28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” stansiyalarına doğru qatarlar arasında interval iki dəfə artıq – əsas hərəkət axını saatlarında 5, digər vaxtlarda 6 dəqiqə və daha çox olacaq.

Şənbə və bazar, eləcə də bayram günləri üçün Bakı metropolitenində qatarlar arasında interval saat 07:00-dan saat 21:00-a qədər 3 dəqiqə təşkil edəcək.

Qeyd edilənlərlə yanaşı, sərnişin axını və onun istiqamətləri, eləcə də sərnişindaşımanın tənzimlənməsinə təsir göstərən digər bütün məsələlərlə bağlı monitorinqlər günün bütün vaxtlarında hər gün davam etdiriləcək. Bundan savayı, ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yarandığı təqdirdə xəttə buraxılacaq.

Bənövşəyi xətdə və “Xətai-Cəfər Cabbarlı” mənzilində qatarların hərəkət qrafikinə dəyişilik tətbiq olunmayıb.

Onu da xüsusi qeyd edək ki, xətlərin “28 May” stansiyasında birləşməsi və elektrik deposunun xəttin sonunda yerləşməməsi səbəbilə günün müəyyən vaxtlarında sərnişinlər “Həzi Aslanov-Ulduz” sahəsində bir sıra hallarda iki qatarın “Dərnəgül” və ya “İçərişəhər” istiqamətində hərəkət etməsini müşahidə edir, bəzən bir qədər böyük intervalla rastlaşırlar. Bu, qatarların texniki qulluq məqsədilə “Nərimanov” elektrik deposuna yola salınması və həmçinin “Bakmil” stansiyasından xəttə daxil olması ilə əlaqədardır.

Yay qrafikinin yeni tədris ilinin başlanmasına kimi qüvvədə qalması gözlənilir.

Sərnişinlərin marağı nəzərə alınaraq, “Bakmil” stansiyasına və əks istiqamətdə qatarların hərəkət cədvəli yeni qrafik qüvvəyə mindiyi gün və “Bakı Metropoliteni” QSC-nin rəsmi saytının müvaflq bölməsində dərc olunur.

AAYDA-ya 1,4 milyon manat ayrılıb

Prezident İlham Əliyev “Abşeron rayonunun Bakı–Şamaxı–Yevlax (18 km)–Aşağı Güzdək avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

“Yeni Çağ” xəbər verir ki, sərəncamla Bakı–Şamaxı–Yevlax (18 km)–Aşağı Güzdək avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 1,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) ayrılıb.

Şarl Mişel: “Avropa İttifaqı Qazaxıstandakı islahatları dəstəkləyir”

“Avropa İttifaqı (Aİ) Qazaxıstandakı islahatları dəstəkləyir”.

“Yeni Çağ” xəbər verir ki, buni Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığından sonra tviter səhifəsində yazıb.

“Aİ-nin güclü əlaqələrə sadiqliyi diqqətə çatdırıldı. Həmçinin Rusiya ilə Ukrayna arasındakı müharibə barədə danşıdıq. Aİ-nin güclü əlaqələrə sadiqliyi vurğulandı. Aİ Qazaxıstandakı islahatları və onların dərinləşdirilməsini dəstəkləyir”, – o bildirib.

Köçərli Həsənov Şəmkirdə vətəndaşları qəbul edəcək

İyulun 14-də “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Şəmkir şəhərində Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək.

“Yeni Çağ”ın “Azərsu”ya istinadən verdiyi məlumata görə, qəbul saat 10:00-dan başlayaraq Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbulda COVID-19 xəstəliyinə qarşı 3-cü doza (buster doza) ilə peyvənd olunmuş, birinci və ikinci dozadan tələb olunan müddət keçməmiş, peyvəndləməyə əks göstərişi olan, xəstəliyə yoluxaraq immunitet sertifikatına malik vətəndaşlar iştirak edə bilər.

Vətəndaşlar qəbul üçün Şəmkir və Gədəbəy Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə ilə “Azərsu”yun müraciət edə bilərlər.

“Neftçi” İsrail klubunun futbolçusunu istəyir

“Neftçi” heyətini daha bir futbolçu ilə gücləndirmək istəyir.

“Yeni Çağ” “One.co.il” saytına istinadən xəbər verir ki, “ağ-qaralar” İsrailin “Aşdod” klubunda çıxış edən Fares Abu Akellə maraqlanır.

25 yaşlı yarımmüdafiəçinin yaxın günlərdə “Neftçi” ilə müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Fares Abu Akel 2019-cu ildən “Aşdod”da çıxış edir. “Neftçi” daha əvvəl israilli yarımmüdafiəçi Ataa Caberi, ABŞ vətəndaşı olan İsrail əsilli yarımmüdafiəçi Kenni Sayefi və qanalı hücumçu Qodsvey Donyonu heyətinə qatıb.